Təbriz “Sepah” Şöbəsinin Təhlükəsizlik Bölümündə saxlanılan azərbaycanlı milli-mədəni fəal ailəsi ilə qısa telefon əlaqəsi saxlayıb.

Mehdi Kuxiyan yanvarın 3-də telefon vasitəsi ilə “Sepah”ın təcridxanasında saxlandığı barədə məlumat verib. Söhbət zamanı onun səsinin olduqca zəif gəldiyi  bildirilir, fəalın işgəncələr altında saxlandığı ehtimal olunur.

Son günlərdə Azərbaycanlı fəalın müvəqqəti azadlığa buraxılması üçün mülki vəsiqə qərarının çıxarıldığı bildirilmişdir, lakin fəalın ailəsi bu xəbəri təkzib edib.

İlk öncə Marağa zindanında saxlanılan fəalın son günlərdə “Sepah”ın təcridxanasına köçürüldüyü məlum oldu. Bu, Məlikanın millət vəkili Salman Xudadadinin tələbi və Məlikan prokuroru Peyman Məhəmmədpurun göstərişi ilə baş verib.

Qeyd edək ki, M.Kuxiyan dekabrın 18-i səhər saatlarında Məlikanda təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb. Fəal idarə etdiyi Teleqram kanalı ilə bağlı Məlikan Təmin Şurası və bu şəhərin millət vəkili və Bələdiyyə başqanının şikayəti əsasında tutuqlanıb.

M.Kuxiyan “Məlikan şəhər xəbəri” Telegram kanalının vasitəsi ilə Məlikan şəhərinin rəsmi orqanlarında olan rüşvətxorluq, Bələdiyyə İdarəsi və Şəhər Şurasında saxta və gizli keçirilən tender (münaqisə) əməliyyatları və qanunsuz işəgötürmə faktları ilə bağlı məlumat yayıb. Bundan sonra təhlükəsizlik qüvvələrinin azərbaycanlı fəala qarşı təzyiqləri artıb.