Dekabrın 7-də Urmiyə Məhkəməsinin 102 nömrəli cəza şöbəsində azərbaycanlı fəallardan 6-nın məhkəmə iclası keçirilib.

Süməyyə Əlidusti, Vəhid Faizpur (Kiyaksar), Meysəm Azadi, Qulaməli Hüseynqulizadə, Murtaza Zərrin və Vəhid Nəsibi ötən aylarda məhkəmə tərəfindən göndərilən Çağırış vərəqəsinə əsasən məhkəməyə müraciət edib və hakim Çöhrəqaninin sədrliyi ilə keçirilən iclasda mühakimə olunublar.

Məhkəmə prosesi zamanı hakim fəallara xəbərdarlıq edib ki, “heç kimin danışmaq haqqı yoxdur, sadəcə müdafiəniz üçün istədiyiniz sözləri kağız üzərində yazın.”

Azərbaycanlı fəallar isə danışmaq haqlarından istifadə etmək istəyiblər. “Məhkəmə iclasının fəlsəfəsi bundan ibarətdir ki, dosyedə yazılanlar doğru deyil və qəbulolunmazdır. Ona görə də hər iki tərəfin iddiasını eşidib və sonda bir qərara gəlmək lazımdır. Demək ki, biz dosyemizlə bağlı danışmalıyıq”-deyə azərbaycanlı fəallar hakim Çöhrəqaniyə bildiriblər.

Məhkəmə iclası fəallara qarşı irəli sürülən ittihamlar elan olunduqdan sonra sona çatıb.

Adını çəkdiyimiz azərbaycanlı fəallar yaxalandıqları zaman “sistemin əleyhinə təbliğ və dövlət məmurlarını döymək” ittihamı ilə üzləşmişdir.

2013-cü il iyunun 27-də 36 nəfər azərbaycanlı fəal “26 İyun” - Beynəlxalq İşgəncə Qurbanlarının Medafiəsi Günü münasibəti ilə nəzərdə tutulan mərasimə qatılmaq üçün Səhənd dağı ətəklərinə gedərkən Urmiyənin Kəlantəri körpüsündə təhlükəsizlik qüvvələri tərəfindən yaxalanmışdır. Tutulanlardan 30-u bir neçə saat saxlandıqdan sonra azadlığa buraxılsa da, Süməyyə Əlidusti, Vəhid Faizpur, Qulam Əlizadə, Meysəm Azadi, Vəhid Nəsibi və Murtaza Zərrin 6 gün saxlandıqdan sonra 15 milyon tümənlik vəsiqə qarşılığında Urmiyənin ETTELAAT (İran Kəşfiyyat Nazirliyi) Şöbəsindən azad edilmişdir.