Azərbaycanlı milli-mədəni fəal Murtaza Muradpurun aclıq aksiyası 42-cı günə daxil olub.

1830 mədəni fəal, Kərəcin Rəcayişəhr zindanında aclıq aksiyası keçirməkdə olan fəalın durumu ilə bağlı Şərqi Azərbaycan Ədliyyə Şöbəsinin rəisinə məktub ünvanlayaraq siyasi məhbusun səhhəti ilə bağlı öz nigaranlıqlarını bildiriblər.

“Siyasi məhbus Murtaza Muradpur oktyabrın 25-dən İslam Cəza Qanununun 134-cü maddəsinin icra edilməməsi və qanuni haqlarının təmin olunmamasına etiraz olaraq oktyabrın 25-dən aclıq aksiyasına başlayıb. O uzun müddət aclıqdan sonra ümumi zəiflik, halsızlıq, ürək və böyrək ağrılarından əziyyət çəkir. Bu vəziyyət məhbusun sağlamlığı ilə bağlı ciddi nigaranlıqlara səbəb olub, lakin zindan məsulları hələ də onun qanuni tələbini təmin etməkdən imtina edir. Biz bir qrup azərbaycanlı mədəni fəal olaraq xatırladırıq ki, məhbusun səhhəti ilə bağlı hərhansı ciddi problem yaranarsa, onun məsuliyyətini məhkəmə orqanları daşıyacaq. Bu vəziyyəti nəzərə alaraq cənabınızdan siyasi məhbusun tələbinin təmin edilməsində sizdən yardım istəyirik”- deyə Şərqi Azərbaycan Ədliyyə Şöbəsinin rəisi Hikmətəli Müzəffəriyə ünvanlanan məktubun bir hissəsində qeyd olunub.

1830 mədəni fəalın imzaladığı məktubun surəti Təbriz prokuroru və Təbriz, Azərşəhr və Üskünün deputatlarına da göndərilib.

Xatırladaq ki, M.Muradpur noyabrın 4-də azərbaycanlı fəal Rəsul Rəzəvi ilə birlikdə Təbrizin mərkəzi zindanından Kərəcin Rəcayişəhr həbsxanasına sürgün edildikdən sonra yeni həbsxanada aclıq aksiyasını davam etdirib.

Amnesty International son vaxtlar İranın müxtəlif zindanlarında aclıq aksiyası keçirən 8 məhbus, o cümlədən türk fəallar Rəsul Rəzəvi və Murtaza Muradpur haqqında bəyanat yayaraq onların dərhal sərbəst buraxılmasını tələb edib.

Beynəlxalq insan haqları qurumu fəalları vicdan məhbusu adlandırmış, onların sadəcə insani haqlarından istifadə etdikləri üçün həbs edildiyini bildirmişdir.

 1358456462 vayfdyvlafed