Kərəcin Rəcayişəhr zindanında aclıq aksiyası keçirən Murtaza Muradpura dəstək məqsədi ilə İmzatoplama Kampaniyasına başlanılıb. Bir qrup azərbaycanlı mədəni fəal tərəfindən təsis edilən Teleqram Kanalı noyabrın 29-dan imza toplamağa başlayıb.

Kampaniya tərəfindən Şərqi Azərbaycan Ədliyyə Şöbəsinin rəisi Müzəffəriyə xitabən məktub da yazılıb. Fəallar uzun müddətdir aclıq aksiyasında olan M.Muradpurun ümumi zəifliyi, ürək və böyrək ağrıları ilə bağlı öz nigaranlıqlarını bildiriblər. Məktubda həmçinin İslam Cəza Qanununun 134-cü maddəsinə uyğun olaraq siyasi məhbusun tələblərinə baxılması tələb olunub.

“Məhbusun səhhəti ilə bağlı hər hansı bir problem yaranarsa bunun məsuliyyətini məhkəmə orqanları daşıyacaq”- deyə məktubda vurğulanıb.

Xatırladaq ki, M.Muradpur cəzasının yüngülləşdirilməsi ilə bağlı islam cəza qanununun 134-cü maddəsinin icra edilməməsi və azadlığa buraxılmamasına etiraz olaraq oktyabrın 25-də aclıq aksiyasına başladığını elan edib. O, noyabrın 4-də azərbaycanlı fəal Rəsul Rəzəvi ilə birlikdə Təbrizin mərkəzi zindanından Kərəcin Rəcayişəhr həbsxanasına sürgün edildikdən sonra yeni həbsxanada aclıq aksiyasını davam etdirib.

Amnesty International son vaxtlar İranın müxtəlif zindanlarında aclıq aksiyası keçirən 8 məhbus, o cümlədən türk fəallar Rəsul Rəzəvi və Murtaza Muradpur haqqında bəyanat yayaraq onların dərhal sərbəst buraxılmasını tələb edib.

Beynəlxalq insan haqları qurumu fəalları vicdan məhbusu adlandırmış, onların sadəcə insani haqlarından istifadə etdikləri üçün həbs edildiyini bildirmişdir.,

 1358456462 vayfdyvlafed