گونئی آزربایجان تشکیلاتلارؽنین امکداشلؽق شۇراسی (گاتَش)، تۆرک دؤولتلری تشکیلاتؽنین (تدت) ۱۲-جی زیروه توْپلانتیسیندا ایرلی سۆرولن اوْرتاق تۆرک الیفباسؽ - یعنی تۆرک خالقلارؽ اۆچون اوْرتاق یازؽ سیستئمی کیمی قبۇل ائدیلمهسی تکلیفینی بؤیوک ممنۇنییت و گۆجلو دستکله قارشؽلاییر. بۇ تشبۆث تۆرک دۆنیاسینین مدنی، علمی و تئکنوْلوژی اینتئقراسیونونو گۆجلندیرمک ایستقیامتینده مۆهوم آددؽمدیر و خالقلاریمیزؽ بیرلشدیرن اوْرتاق دیل، تاریخ و مدنیت کؤکلرینی عکس ائتدیریر.
لاتؽن قرافیکالؽ اوْرتاق تۆرک الیفباسؽنین قبۇل ائدیلمهسی، تۆرک دؤولتلری آراسؽندا علاقه و امکداشلؽغی درینلشدیرمکله یاناشؽ، تحصیل، علم، مدنیت و رقمسال ساحهلردهده یئنی ایمکانلار یاراداجاقدؽر. ایران رئژیمینین محدودلاشدؽریجی و آسیمیلیاسیون سیاستلری آلتؽندا یاشایان گۆنئی آزربایجان تۆرکلری و دیگر تۆرک توْپلوملاری اۆچون بۇ تشبۆث میللی کیملیگین قوْرونماسی، یئنیدن دیرچلمهسی و گئنیش تۆرک عائلهسی ایله باغلارؽن مؤحکملنمهسی باخؽمیندان بؤیوک اۆمید منبعیدیر.
گونئی آزربایجان تشکیلاتلارؽنین امکداشلؽق شۇراسی عینی زاماندا، تۆرکیهده ۱۰ اکتیابر ۲۰۲۵-جی ایل تاریخینده پرئزیدئنت رجب طیب اردوْغان طرفیندن ایمضالاناراق قۆوهیه مینمیش ۳۳۰۴۳ سایلؽ قانۇنو دا ممنۇنییتله قارشؽلاییر. بۇ قانۇن تۆرک سوْیلو شخصلرین تۆرکیهده پئشه و صنعت فعالیتلرینی سربست شکیلده حیاتا کئچیرمهسینه شرایط یاراتماقلا، تۆرک خالقلارؽ آراسؽندا حۆقوقی و اینستیتۇسیونال بیرلیگی گۆجلندیرن اؤنملی آددؽمدیر.
تورکیهنین بۇ ایستقیامتده گؤستردیگی لیدئرلیک تۆرک دۆنیاسینین همرایلیگی و بیرلیگینین مؤحکملنمهسینه بؤیوک تؤهفه وئریر. گاتَش بۇ ایستقیامتده - آزادلؽق، عدالت و میللی حؤکومت ایدهآللارؽ چرچیوهسینده - تۆرک خالقلارؽ آراسؽندا دیل، مدنیت و میللی امکداشلؽغین داها دا اینکیشاف ائتدیریلمهسینه صادیقلیگینی بیر داها بَیان ائدیر.
«گۆنئی آزربایجان تشکیلاتلارؽنین امکداشلؽق شۇراسی»
۱. آزربایجان دئموْکرات فیرقهسی - آدف
۲. آزربایجان مرکز پارتیاسؽ - آمپ
۳. آزربایجان میللی دیرنیش تشکیلاتؽ - دیرنیش
۴. آزربایجان اؤیرنجی حرکاتؽ - آزوح
۵. گۆنئی آزربایجان جۆمهوریت پارتیاسؽ - آجپ
۶. گۆنئی آزربایجان دئموْکرات پارتیاسؽ - گآدپ
۷. گۆنئی آزربایجان ایستیقلال پارتیاسؽ - گآیپ
۸. گۆنئی آزربایجان میللی دؤلت آلیانسؽ- مدا
۹. گۆنئی آزربایجان قۇرتولوش پارتیاسؽ - گآقپ
29/10/2025
Türk Dövlətləri Təşkilatında irəli sürülən ortaq əlifbaya dair
Güney Azərbaycan Təşkilatlarının Əməkdaşlıq Şurasının (GATƏŞ) Bəyanatı
Güney Azərbaycan Təşkilatlarının Əməkdaşlıq Şurası (GATƏŞ), Türk Dövlətləri Təşkilatının (TDT) 12-ci Zirvə Toplantısında irəli sürülən ortaq Türk əlifbası – yəni Türk xalqları üçün ortaq yazı sistemi kimi qəbul edilməsi təklifini böyük məmnuniyyət və güclü dəstəklə qarşılayır. Bu təşəbbüs Türk dünyasının mədəni, elmi və texnoloji inteqrasiyasını gücləndirmək istiqamətində mühüm addımdır və xalqlarımızı birləşdirən ortaq dil, tarix və sivilizasiya köklərini əks etdirir.
Latın qrafikalı ortaq Türk əlifbasının qəbul edilməsi, Türk dövlətləri arasında əlaqə və əməkdaşlığı dərinləşdirməklə yanaşı, təhsil, elm, mədəniyyət və rəqəmsal sahələrdə də yeni imkanlar yaradacaqdır. İran rejiminin məhdudlaşdırıcı və assimilyasiya siyasətləri altında yaşayan Güney Azərbaycan Türkləri və digər Türk toplumları üçün bu təşəbbüs milli kimliyin qorunması, yenidən dirçəlməsi və geniş Türk ailəsi ilə bağların möhkəmlənməsi baxımından böyük ümid mənbəyidir.
GATƏŞ eyni zamanda, Türkiyədə 10 oktyabr 2025-ci il tarixində Prezident Rəcəb Tayyib Ərdoğan tərəfindən imzalanaraq qüvvəyə minmiş 33043 saylı Qanunu da məmnuniyyətlə qarşılayır. Bu qanun Türk soylu şəxslərin Türkiyədə peşə və sənət fəaliyyətlərini sərbəst şəkildə həyata keçirməsinə şərait yaratmaqla, Türk xalqları arasında hüquqi və institusional birliyi gücləndirən önəmli addımdır.
Türkiyənin bu istiqamətdə göstərdiyi liderlik Türk dünyasının həmrəyliyi və birliyinin möhkəmlənməsinə böyük töhfə verir. GATƏŞ bu istiqamətdə – Azadlıq, Ədalət və Milli Hökumət idealları çərçivəsində – Türk xalqları arasında dil, mədəniyyət və milli əməkdaşlığın daha da inkişaf etdirilməsinə sadiqliyini bir daha bəyan edir.
“Güney Azərbaycan Təşkilatlarının Əməkdaşlıq Şurası - GATƏŞ”
1. Azərbaycan Demokrat Firqəsi – ADF
2. Azərbaycan Mərkəz Partiyası – AMP
3. Azərbaycan Milli Dirəniş Təşkilatı – Dirəniş
4. Azərbaycan Öyrənci Hərəkatı – AZOH
5. Güney Azərbaycan Cümhuriyyət Partiyası – ACP
6. Güney Azərbaycan Demokrat Partiyası – GADP
7. Güney Azərbaycan İstiqlal Partiyası – GAİP
8. Güney Azərbaycan Milli Dövlət Alyansı– MDA
9. Güney Azərbaycan Qurtuluş Partiyası – GAQP
29/10/2025

