Son günlərdə İran rejiminin şovinist və irqçi televiziyalarından birinin aparıcısı Azərbaycan Respublikasının İsraillə qurduğu beynəlxalq strateji əlaqələri hədəfə alaraq, türk millətinə qarşı nifrət dolu və təhqiredici fikirlər səsləndirib. Bu cür məsuliyyətsiz davranış, təkcə etnik ayrı-seçkilik nümunəsi deyil, həm də İran rejiminin "Türk" adına olan dərin qorxusunu göstərir.

Azərbaycan televiziyasının aparıcısı isə bu təxribatlara cavab olaraq, çox düzgün şəkildə xatırlatdı ki, Qarabağ müharibəsi zamanı İran rejimi – guya şiə qardaşlığı və müsəlmanlıq iddiasına baxmayaraq – Ermənistana silah yardımı edir və faktiki olaraq Azərbaycan xalqının düşmənləri ilə eyni cəbhədə dayanırdı. Zəngəzur dəhlizi məsələsində isə, İran rejimi həddindən artıq təşvişə düşərək, bütün siyasi imkanlarından istifadə edib bu dəhlizin açılmasının qarşısını almağa çalışdı.

Əsas sual budur: İran rejimi niyə türklərdən və türk kimliyindən bu qədər qorxur? Niyə türk dili, tarixi və mədəniyyətinin öyrənilməsi milli təhlükəsizlik üçün təhdid hesab olunur? Mədəni fəaliyyətlə məşğul olan türk fəallarını "separatçı" adlandıraraq, 2 ildən 10 ilə qədər azadlıqdan məhrum edir və həbsxanalarda ən vəhşi rəftarlara məruz qoyur.

Halbuki, eyni rejim ölkənin əsgərlərini qətlə yetirən, qeyri-qanuni mallar və silah daşıyan insanları “kolber” adlandırır, onlara sosial hüquqlar verir və hətta sığortalayır! Bu, İran rejiminin separatçını və xalqını bir-birindən ayırd etmək qabiliyyətsizliyinin bariz sübutudur.

Güney Azərbaycan türkləri tarix boyu vətənin müdafiəsində ön cəbhədə olmuş, torpaqların bütövlüyü uğrunda canlarından keçmişlər. İran-İraq müharibəsi zamanı göstərdikləri fədakarlıq bunu sübut edir.

Əvəzində isə, "kolber" adlandırılan bəzi qruplar ölkədə baş verən kiçik bir qarışıqlıqda belə silaha əl atmağa, günahsız insanları qətlə yetirməyə və ölkəni parçalamağa çalışıblar.

Güney Azərbaycanın türk xalqı bu şovinist və irqçi rejimin təxribatçı siyasətlərinə qarşı ayıq-sayıq olmalı, milli birlik və həmrəylik içində qalmalı, tarixi və hüquqi şüurunu artırmalı, hərbi və fiziki hazırlıqla öz ata-baba yurdunu qorumağa daim hazır olmalıdır.