Qızların və xanımların təhsildən yayınmasında maraqlı olan İran hakimiyyəti onlara qarşı ciddi prosesə başlayıb. Təhsil ocaqlarına hücum bu siyasətin tərkib hissəsidir.

Bu sözləri Axar.az (https://axar.az/)-a (https://axar.az/) Azərbaycan Öyrənci Hərəkatının sözçüsü (AZOH) Əmir Mərdani İranda hicabsız tələbə xanımların universitetlərə buraxılmayacağı ilə bağlı yayılan xəbərləri şərh edərkən deyib.

O, rejimin istənilən cəza tədbirinin qadınların mübarizəsinə əngəl ola bilməyəcəyini bildirib:

“Qadınların güc və imkanlarını dərindən analiz edən İran hakimiyyəti onların növbəti etirazlardakı fəallığından ehtiyat edir. Rejim anlayır ki, xanımların başladığı mübarizə sona çatmalıdır. Hökumət qabaqlayıcı tədbirlər görməyə başlayıb. Azyaşlı məktəbli qız uşaqlarının zəhərlənməsi ilə başlayan proses ölkədə müəyyən vahimə yaratsa da, rejimin xeyrinə heç nəyi dəyişməyib. İran hakimiyyətinin bu qeyri-insani davranışı diqqət çəkdi və dünyada qınanıldı”.

Mərdani qız məktəblərindəki zəhərlənmə hallarını belə əsaslandırıb:

“Bəziləri hesab edir ki, rejim məktəbli qızlardan qisas alır. Çünki ölkənin gələcəyi sayılan qız uşaqları etirazlara qoşulmaqla hökumətə qarşı olduqlarını nümayiş etdirdilər. Bu isə ağır ideoloji zərbə idi. Güvəni sarsılan rejim məktəblilərdən heyif çıxır”.

O, universitetlərdə təhsil alan xanımların da müəyyən təzyiqlərə məruz qalacağını deyib:

“Hökumət tələbə qızları nəzarətsiz buraxmayacaq. İtaətsizlik göstərən öyrənci xanımlar uyğun geyimdə olmadıqları üçün ali məktəbə buraxılmır. Hələ növbəti günlərdə qaydaların daha da sərtləşdiriləcəyi gözlənilir”.

Mərdani hazırki şərtlər altında etirazların növbəti dalğasının qaçılmaz olduğunu diqqətə çatdırıb:

“Rejim hər nə qədər tədbirli davransa da, etiraz dalğasına tab gətirə bilməyəcək. Çünki zəhərlənən məktəbli qızların valideynləri qəzəblidir və rejim əleyhinə etirazlara qoşulacaq. Həmçinin, xanımlar öz haqları uğrunda sona kimi mübarizə apamaq fikrindədir. Onlar da rejim əleyhinə nümayişlərdə iştirak edəcək. Yeni etirazların yaxın zamanlarda baş verəcəyi qaçılmazdır”.

Müəllif: Vüsalə İsgəndərova