Təbrizin mərkəzi zindanında aclıq aksiyasına başlayan, sonra isə Kərəcin Rəcayişəhr həbsxanasına intiqal edilən azərbaycanlı milli-mədəni fəal Murtaza Muradpur aclıq aksiyasını davam etdirir.

O cəzasının yüngülləşdirilməsi ilə bağlı islam cəza qanununun 134-cü maddəsinin icra edilməməsi və azadlığa buraxılmamasına etiraz olaraq oktyabrın 25-də aclıq aksiyasına başladığını elan edib. Onun aclıq aksiyası noyabrın 18-də 25-ci günə daxil olub. Fəal son günlərdə ailəsi ilə baş tutan görüşdə bildirib ki, bütün çətinliklərə rəğmən hüquqları təmin olunanadək aclıq aksiyasını davam etdirəcək.

Noyabrın 13-də uzun müddətdən sonra qardaşı Murtaza Muradpur ilə görüşən Fərdin Muradpur mətbuata bu haqda məlumat verib. O, qardaşının sağlıq durumunun kritik olduğunu bildirib.

Fərdin Muradpurun dediyinə görə, Murtaza digər azərbaycanlı fəal Rəsul Rəzəvi ilə birlikdə noyabrın 4-də Təbrizin mərkəzi zindanından Kərəcin Rəcayişəhr həbsxanasına köçürülüb. O həbsxanada 4 metrlik bir otaqda ağır şəraitdə saxlanılır.

Murtaza Muradpur noyabrın 1-də Təbrizin mərkəzi zindanının 12-ci korpusunda zindan məsullarının davranışlarına etiraz etdiyinə görə həbsxananın nəzarətçiləri tərəfindən döyülüb və aldığı zərbələrdən qısa müddət huşunu itirib. Bu hadisə onunla eyni korpusda saxlanılan azərbaycanlı milli-mədəni fəal Hüseyn Əliməhəmmədinin bir polyak (ləhistanlı) məhbusun təhqir edilməsinə etiraz etdiyinə görə digər məhbuslar və həbsxana nəzarətçilərindən olan Sultani adlı birisi tərəfindən döyüldükdən sonra baş verib.

Murtaza Muradpurun ailəsi ilə bərabər türk fəallar və hüquq müdafiəçiləri də onun sağlıq durumunun ciddi risk altında olduğunu önə çəkərək, narahatlıqlarını ifadə edirlər.

 1358456462 vayfdyvlafed