Təbrizin tarixi və əzəmətli Ərk Qalası rejim tərəfindən müxtəlif bəhanələrlə tədricən sıradan çıxarılır.

Son məlumata görə, əhalinin bütün etirazlarına baxmayaraq Ərk Qalası yaxınlığında avtomobil parkingi tikiləcək.  Kütləvi informasiya vasitələrində (KİV) yayılan məlumatda bildirilir ki, artıq parkingin tikilməsinə dair rejim tərəfindən rəsmi lisenziya verilib.

Ekspertlər isə “qalanın ətrafında torpaq qazıntısı və inşaat işlərinin aparılması tarixi qalanın məhv edilməsi ilə nəticələnəcək” deyə xəbərdarlıq edirlər.

Məsələyə münasibət bildirən Təbriz Müsəllası Xeyriyyə Fondunun müdiri bildirib ki, ərazidə maşın izdihamı və parking üçün başqa münasib yerin olmaması bu məkanda Parkingin tikilməsini zəruri edir. “Təbriz Bələdiyyəsi, Mədəni İrs Təşkilatı və digər orqanlarla məsləhətləşmələrdən sonra Layihənin icrası üçün lisenziya alınıb. Parking, Ərk Qalası və onun tarixi ərazisinin qorunması şərti ilə tikiləcək. Bu barədə lazımi tədbirlər alınacaq” deyə Məhəmmədi vurğulayıb.

Son günlərdə mətbuatda Qalanın yaxınlığında parking tikmək məqsədi ilə ağır texnikanın işlədiyi barədə geniş məlumat yayılıb.  Bundan sonra yerli əhali tarixi Qalanın məhv edilməsi ilə bağlı sosial şəbəkələrdə sərt xəbərdarlıq etdilər. Etirazlara bəzi yerli məsullar da qoşulduqdan sonra sözügedən layihənin icrası müvəqqəti olaraq dayandırılmışdır.

Qeyd edək ki, tarixi Ərk Qalası Elxani hökmdarları Sultan Xudabəndənin və Əbu Səidin vəziri olmuş Tacəddin Əlişahın göstərişi ilə hicri-qəməri təqvimi ilə 716-724-cü (miladi 1338-1345-ci) illərdə tikilib.  Qacarlar dövrünə qədər Ərk qalası dövlət qəsri kimi istifadə edilib, sonralar isə Səttarxan, Bağırxan və digər Təbriz mücahidlərinin sığınacaqlarından biri olub. Ərk qalası bir dəfə zəlzələdən, bir dəfə də çar Rusiyası ordusunun hücumundan ağır xəsarət alıb.