İranın Rey şəhərində “Məşrutə” hərəkatının böyük sərkərdəsi, Səttarxanın vəfatının 102-ci ildönümü münasibətilə onun məzarı üstündə keçirilən toplantıya qatılan azərbaycanlı fəal Rəsul İrəci tutulub.

Hadisə noyabrın 15-i axşam saat 19-da İranın təhlükəsizlik qüvvələri Səttarxanın məzarı üstünə toplaşan və onun xatirəsini anan bir qrup azərbaycanlı dinc fəalı dağıtmağa çalışarkən baş verib. Azərbaycanlı fəallar mülki geyimli ETTELAAT əməkdaşlarının mərasimə müdaxiləsinə və məzar üstünə gül qoyulmasına mane olmalarına etiraz bildirdikdən sonra tərəflər arasında bir neçə dəfə mübahisə yaranıb. Nəticədə ETTELAAT əməkdaşları xoylu fəal Rəsul İrəcini tutub naməlum istiqamətə aparıblar. Onun hazırda harada saxlanıldığı və konkret nədə günahlandırıldığı haqda məlumat yayılmayıb.

Əslən İranın Qərbi Azərbaycan əyalətinin Xoy şəhərindən olan və hazırda paytaxt Tehranda yaşayan fəal Rəsul İrəci, İranda Azərbaycan türklərinin milli-mədəni haqlarının tanınması və məktəblərdə türk dili və ədəbiyyatının tədris olunması uğrunda apardığı dinc fəaliyyətlərinə görə bundan əvvəl də bir neçə dəfə tutulub, müxtəlif təzyiq və təhdidə məruz qoyulub.

 Azerbaijan