“Boy atdım, aya çatdım, Aydan bir süzüb içdim

İçib yolumu seçdim, El gücüylə durmağa, El ocağın qorumağa”

Dr. Lətif Həsəni-Təbriz İttilaat təcridxanası-2010

Əziz Azərbaycan Türk Milləti!

Güney Azərbaycan milli hərəkatının dirənişli qarçiçəyi, İran sömürgəçiliyi ilə mübarizə aparan Dr. Lətif bəy Həsəni ömrünün 5-dən birini avtoritar İran rejiminin həbsxanalarında yılmadan, usanmadan, əyilmədən, heç bir an olmuş olsa tərəddüd etmədən keçirərək, nəhayət saxtakar və təhlükəsizlik qurumlarından əmr alan pozuq məhkəmə sistemi tərəfindən ədalətsizcə kəsilmiş həbs cəzasının sona çatması ilə sərbəst buraxılıb.

Ən çətin və basqıçı şərtlər altında əsarətə qarşı dirəniş, azadlıq və üsyan simvolu olan Qarçiçəyi, Lətif bəy Həsəninin ömür boyu zülmə, ədalətsizliyə və haqsızlığa qarşı mübarizə apardığı üçün bu simvolu təmsil edə bilən ən doğru şəxsdir.

İran sömürgəçi sistemi, Azərbaycanımızın Qarçiçəyini həbsə atmaqla, onu susdura biləcəyini, tutduğu mübarizə yolundan sapdıra biləcəyini zənn etmişdi ancaq Dr. Lətif bəy Həsəninin bütün həbsdə olduğu illər boyunca heç bir zaman səssiz qalmadığı və millətinin yanında olduğunu Azərbaycanın düşmənləri şahid oldu.

Demokrasi, insan Haqları çərçivəsində ifadə və düşüncə azadlığı, plüralizm, qadın hüququ və bərabərliyi kimi çağdaş dünya dəyərlərini mənimsəmiş, Azərbaycan Türk Millətinin öz müqəddəratını təyin etmə haqqı uğrunda sömürgəçilik, diktatura və irqçiliyə qarşı apardığı dinc siyasi mübarizəsi Azərbaycan gəncliyi tərəfindən davam etdiriləcək.

Biz, Azərbaycan Siyasi Quruluşlarının Əməkdaşlıq Platforması olaraq, Dr. Lətif bəy Həsəninin sərbəst buraxılmasını başda Lətif bəyi bir an belə yalnız buraxmayan həyat yoldaşı Əzəm xanıma, ailəsinə, milli fəallara və Azərbaycan Türk Millətinə təbrik edib, bütün vicdan və siyasi məhbusları o cümlədən Abbas bəy Lisani, Əlirza bəy Fərşi, Siyamək bəy Mirzayi, Yusuf bəy Kari və daha bir çox məhbusumuzun dərhal qeydsiz-şərtsiz azadlığa buraxılmasını tələb edirik.

Biz, Azərbaycan Siyasi Quruluşlarının Əməkdaşlıq Platforması olaraq, Azərbaycan Türk Millətinin İran hakimiyyətinin təcridxanaları və həbsxanalarında saxlanılan və işgəncə olan fədakar, inamlı və dirəniş ruhlu övladları ilə birgə azadlıq və qurtuluş yolunda mübarizə andımızı yeniləyib, millətimizin və vətən torpaqlarımızın düşmənlərinin əlini qısaldana qədər kəsintisiz mübarizəmizə davam edəcəyimizi elan edirik.

Azərbaycan Siyasi Quruluşlarının Əməkdaşlıq Platforması (AZOH, Dirəniş, GADP)

17.01.2021