Ötən günlərdə Təbrizin mərkəzi zindanından Kərəcin Rəcayişəhr zindanına sürgün edilən azərbaycanlı fəalların görüş və telefon əlaqələrinə qadağa qoyulub.

Məlumata görə, yeni həbsxanaya intiqal edilən Rəsul Rəzəvi və Murtaza Muradpurun öz ailələri bütün əlaqələri kəsilib, bu vəziyyət fəalların ailəsinin xüsusi nigaranlığına səbəb olub. 

Təbrizin mərkəzi zindanında aclıq aksiyasına başlayan fəallar Rəcayişəhr həbsxanasında da aksiyalarını davam etdirirlər.

Aclıq aksiyası 6-cı həftəyə daxil olan R.Rəzəvi İnqilab Məhkəməsinin çıxardığı ədalətsiz qərar və təhlükəsizlik qüvvələrinin məhkəmə prosesinə etdiyi müdaxiləyə etiraz olaraq oktyabrın 3-də aclığa başlayıb.

M.Muradpur isə cəzasının yüngülləşdirilməsi ilə bağlı islam cəza qanununun 134-cü maddəsinin icra edilməməsi və azadlığa buraxılmamasına etiraz olaraq oktyabrın 25-də aclıq aksiyasına başladığını elan edib.

Azərbaycanlı milli-mədəni fəal Hüseyn Əliməhəmmədi isə noyabrın 1-də Təbriz zindanının 12-ci korpusunda bir polyak (ləhistanlı) məhbusun təhqir edilməsinə etiraz etdiyinə görə digər məhbuslar və həbsxana nəzarətçilərindən olan Sultani adlı birisi tərəfindən döyülüb. Döyülərkən baş nahiyyəsindən yaralanan fəal bu vəziyyətə etiraz olaraq noyabrın 1-dən aclıq aksiyasına başladığını elan edib. O məsələyə baxılanadək aksiyanı davam etdirəcəyini bildirib. Məlumata görə, döyülən fəalla eyni korpusda saxlanılan M.Muradpur da, bu vəziyyətə etiraz etdiyinə görə zindan nəzarətçiləri tərəfindən döyülüb və təhqir edilib. Fəalın aldığı zərbələrdən huşunu itirdiyi bildirilir.

Bu hadisədən sonra azərbaycanlı məhbuslardan bir neçə gün heç bir xəbər olmayıb, nəhayət ki, noyabrın 5-də Təbriz zindanın məsulları R.Rəzəvi və M.Muradpurun Kərəcin Rəcayişəhr həbsxanasına köçürüldüyünü bildiriblər.

Hazırda adını çəkdiyimiz azərbaycanlı fəalların 3-ü də aclıq aksiyasını davam etdirir.

R.Rəzəvinin sağlamlıq durumunun ağır olduğu bildirilir.

 1358456462 vayfdyvlafed