Hüquq müdafiəçiləri türk fəal Əli Əzizinin fevralın 23-də Qərbi Azərbaycan vilayətinin mərkəzi Urmiyədə İranın təhlükəsizlik qüvvələri tərəfindən nəzarət altına alındığını bildirirlər.

Fevralın 23-də Urmiyədəki evində tutulan fəalın hansı ittihamlar üzündən tutulduğu və hazırda harada saxlanıldığına dair məlumat yoxdur.

Əli Əzizi keçən ilin noyabr ayında Urmiyədə təşkil olunan etirazlar zamanı nəzarət altına alınıb və təhlükəsizlik həbsxanasında bir müddət sorğu-sual edildikdən sonra mülki zəmanət qarşılığında müvəqqəti olaraq sərbəst buraxılmışdı.

2019-cu ilin noyabrında İranda benzin qiymətinin artması ardından baş qaldıran etirazlar zamanı ölkənin müxtəlif bölgələrində minlərlə vətəndaş nəzarət altına alındı.

Gənc fəal Əli Əzizi 2015-ci ildən bəri milli-mədəni fəaliyyətləri səbəbilə dəfələrlə həbs və mühakiməyə məruz qalıb.