Azərbaycanlı milli-mədəni fəal Beytullah Bərzgər Meşginşəhr prokurorunun müavini tərəfindən təhqir olunub.

Belə ki, B.Bərzgər ötən günlərdə saxlanılan azərbaycanlı milli-mədəni fəal Abbas Lisanini azad etdirmək üçün 600 milyon tümənlik mülki vəsiqə girov qoymaq istəyib. Lakin fəalın azad edilməsinə maneçilik yaradan prokuror müavini B.Bərzgərə qarşı rəsmi şəxsə yaraşmayan ifadə işlədib: “Sizin vəsiqənizin heç bir etibarı yoxdur, heç sizin özünüzün də etibarınız yoxdur” deyə o vəsiqəni qəbul etməkdən imtina edib.

Prokuror müavini o halda B.Bərzgərin təqdim etdiyi vəsiqəni qəbul etməkdən imtina edib ki, Meşginşəhr Məhkəməsi azərbaycanlı fəalın azadlığa buraxılması üçün 10 milyon tümənlik vəsiqə qərarı çıxarıb.

Tanınmış fəal A.Lisani noyabrın 7-də, meşginşəhrli fəal Aydın Zakirinin toy mərasiminə qatılıb və çıxış etdiyinə görə mühakimə edildiyi məhkəmədə nəzarət altına alınıb. “Sistemin əleyhinə təbliğ” ittihamı ilə üzləşən fəal məhkəmə prosesinə etiraz etdiyinə görə vəsiqəni təmin etməkdən imtina edib, o bundan sonra Meşginşəhr zindanına aparılıb.

Xəbər verdiyimiz kimi, noyabrın 3-də ərdəbilli fəal A.Lisaninin ailəsinə təhvil verilən çağırış vərəqəsində onun Ərdəbil İnqilab Məhkəməsinin 1-ci Şöbəsinə müraciət etməsi üçün 5 gün möhlət verilmişdir.

Vərəqədə qeyd olunub ki, Ərdəbilin İnqilab Məhkəməsi çağırış vərəqəsini Meşginşəhrin İnqilab Məhkəməsi tərəfindən göndərib.

 

Tanınmış ərdəbilli fəal bundan öncə də Azərbaycanın milli və demokratik hüquqları uğrunda apardığı dinc mübarizəyə görə dəfələrlə təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb, uzun illər uzaq şəhərlərdə həbs edilib və ailəsi ilə birlikdə rejimin müxtəlif təzyiqlərinə məruz qalıb.