Təbrizdən “Amerikanın Səsi”nə danışan türk fəal Fərdin Muradpur iki həftədir aclıq aksiyası keçirən məhbus qardaşı Murtaza Muradpurun digər siyasi məhbus Rəsul Rəzəvi ilə bərabər Təbriz zindanından Kərəc şəhərinə köçürüldüyünü, ancaq hazırda tam olaraq hansı zindanda saxlanıldığına dair ailəyə məlumat verilmədiyini bildirib. Məhkum olduğu 3 il həbs müddətinin 2 ilini bitirmiş Murtaza Muradpur, qardaşının söylədiyini görə, aclıq aksiyası keçirdiyi zaman zindan nəzarətçiləri tərəfindən döyülməsi səbəbi ilə yarım saatlıq huşunu itirib.

Fərdin Muradpur özü 2010-2013 illərində Təbriz zindanında üç il həbsdə olub. O, həmin təcrübəyə əsasən Təbriz zindanının ümumi durumu və məhbusların üzləşdiyi çətinliklər haqqında da məlumat verib.

Muradpur qardaşının son durumu və aclıq aksiyasının səbəbini belə izah edir:

“Murtaza 3 il həbs müddətindən iki ilini keçirib. O indi İran cəza qanunlarının 134-cü maddəsinin tətbiq edilmədiyinə etiraz olaraq aclıq aksiyası keçirir. Bu maddəyə görə, qardaşımın bir il həbs müddəti azalıb və 2 ilə düşməli idi... Keçən günlərdə zindan nəzarətçiləri fəal Hüseyn Əli Məhəmmədi və qardaşımı ağır şəkildə döyüblər... Daha sonra noyabrın 3-də Murtaza və 35 gündür aclıqda olan fəal Rəsul Rəzəvinin Kərəc şəhərinə apardıqlarını dedilər. Amma, Kərəcdə 3 zindan var və biz indi onların harada saxlanıldığını bilmirik...”

Onun dediklərinə görə, “keçən həftə Təbriz zindanında saxlanılan Polşa (Ləhistan) vətəndaşı bir məhbusu əziyyət edirmişlər və buna etiraz edən Hüseyn Əli Məhəmmədi də faciəvi şəkildə döyülüb. Murtaza da bu duruma etiraz edib. Onu da tökülüb döyüblər... Hüseyn Əli Məhəmmədinin qulağı yaralanıb, Murtaza isə dostlarının dediyinə görə yarım saatlıq huşunu itirmiş.”

Muradpur hazırda qardaşının Rəsul Rəzəvi ilə bərabər Ettelaat qurumuna köçürüldüklərini də ehtimal edir.

Təbrizli fəal həmçinin qardaşı və ümumiyyətlə İran zindanlarında həbsdə olan türk fəalların aclıq aksiyası keçirmələrinin səbəbləri və ortaya qoyduqları tələblərin mahiyyəti haqqında danışıb. O, aclıq aksiyalarının bir çoxunun fəallara qarşı çıxarılan qanunsuz hökmlər ilə bağlı olduğunu deyir.

“Bir məhbus o zaman aclığa başlayır ki bütün yolları gedib, artıq ümidi kəsilib və öz haqqını müdafiə etmək üçün canını ortaya qoymaqdan başqa çarə tapa bilmir,” deyə Fərdin Muradpur söyləyir.

O, ailəsinin qardaşının taleyindən xəbərsiz olduğuna diqqət çəkərək onun sağlıq durumu ilə bağlı narahat olduqlarını bildirir.