Təbriz həbsxana səlahiyyətliləri türk fəal Əli Əhmədinin şərti azadlığa çıxmasına icazə verməyib.

İran Azərbaycanının Parsabad (Muğan) şəhərinin sakini olan siyasi məhbus Əli Əhmədi iyulun 13-də 7 aylıq həbs cəzasının tətbiq edilməsi üzrə Təbriz Mərkəzi Həbsxanasına köçürülmüşdü.

Təbriz Həbsxana Şurası türk fəalın məzuniyyət tələbinə, eləcə də şərti olaraq sərbəst buraxılmasına qarşı çıxıb.

Əli Əhmədi, Cəfər Rüstəmi-Rad, Əli Sərraf, Əli Səadəti, Əsgər İbadzadə, Kəsri Davudi və Siyamək Seyfi ilə birlikdə 2013-cü ilin fevral ayının 26-da Asiya Çempionlar Liqası oyunları çərçivəsində Təbrizdə keçirilən Traktor-Əl-Cəzirə matçından sonra təhlükəsizlik qüvvələri tərəfindən nəzarət altına alınmışdı.

Məhkəmə əvvəlcə stadionun nizamını pozmaq ittihamı ilə 3 ay həbs və 30 qamçı cəzasına məhkum etmişdi. Daha sonra Təbriz İnqilab Məhkəməsi Əhmədiyə qarşı sistemə qarşı təbliğat aparmaq ittihamı irəli sürərək, 7 ay müddətinə həbs cəzasına məhkum etmişdi.