Siyasi fəal Nəsim Sadıqinin Təbriz İnqilab Məhkəməsinin 2-ci şöbəsi tərəfindən 6 ay həbsə məhkum edildiyi bildirilir.

İnsan haqları üzrə fəaliyyət göstərəg HRA agetnliyi bu haqda məlumat yayıb.

Təbriz İnqilab Məhkəməsinin hakimi Məhəmməd Əhrari türk fəalı sosial mediada göstərdiyi fəaliyyətlər səbəbilə “rejimə qarşı təbliğat” ittihamı ilə günahlandırıb. Sadıqi xüsusilə Telegram sosial şəbəkəsində idarə etdiyi “Milli Görüş” adlı kanal ilə əlaqədar bu ittihama məruz qalıb.

Nəsim Sadıqi keçən ilin oktyabr ayında tutulduqdan sonra İnqilab Keşikçiləri Korpusunun (Sepah) təhlükəsizlik bölməsində nəzarət altında saxlanılıb. Sepah-ın təhlükəsizlik qurumu onun "Pantürkizm və bölücü" düşüncələr istiqamətində fəaliyyət gəstərdiyini irəli sürüb.

Sadıqi bir müddət sonra mülki zəmanət qarşılığında müvəqqəti olaraq sərbəst buraxılıb.

Milli fəal daha sonra prokurorluq tərəfindən “internetdə yalan məlumat yayma”, “İran əleyhdarı olan cəmiyyətlərə üzvlük” və “rejimə qarşı təbliğat” fəaliyyəti göstərməkdə günahlandırılıb, amma məhkəmə daha sonra ilk iki ittihamla bağlı icraata xitam verilməsinə dair qərar qəbul edib. Onun mühakimə prosesi “rejimə qarşı təbliğat” ittihamı ilə davam edib.

Nəsim Sadıqi nəzarət müddəti və mühakimə prosesində vəkillə təmin olunmayıb. İran Azərbaycanında fəaliyyət göstərən hüquq müdafiəçilərinin bildirdiyinə görə, türk fəallar onları müdafiə edəcək vəkillər tapmaqda çətinlik çəkirlər. Milli fəalları müdafiə edən vəkillərin təhlükəsizlik qurumlarının basqılarına məruz qaldığı bildirilir.