Tehran İnqilab məhkəməsi keçən fevral ayından bəri Evin həbsxanasında nəzarətdə saxlanılan türk dil haqları müdafiəçiləri Tovhid Əmir-Əmini və Kiyanuş Aslani Qocabəylini 9 və 5 il həbsə məhkum edib.

İnsan haqları üzrə məlumat yayan HRA agentliyi və bölgədə fəaliyyət göstərən hüquq müdafiəçiləri bu haqda məlumat yayıblar.

Onların məlumatına əsasən, Kiyanuş Aslani Qocabəyli haqqında əlavə olaraq 2 il qeyri-hökümət təşkilatlara üzvlükdən məhrumiyyət cəzası çıxarılıb.

Hökmün Tehran İnqilab Məhkəməsinin 26-cı şöbəsi tərəfindən çıxarıldığı bildirilir.

HRA-nın bildirdiyinə görə, hər iki fəal “milli təhlükəsizliyi pozmaq məqsədilə birləşmə və sözləşmə” ittihamı ilə günahlandırılarkən, Tovhid Əmir-Əmini əlavə olaraq “rejimə qarşı təbilğat fəaliyyəti” göstərməkdə günahlandırılıb.

İranın təhlükəsizlik qüvvələri Kiyanuş Aslani və Tovhid Əmir-Əminini fevral ayının 21-də Dünya Ana Dili Günü tədbirləri ilə əlaqədar həbs ediblər.

Əmir-Əmini keçən beş il ərzində Babək Qalası yürüşü və anti-irqçilik etirazları ilə əlaqədar bir neçə dəfə nəzarət altına alınaraq, həbs və şallaq cəzalarına məhkum edilib.

İran İslam Respublikası qeyri-fars icmaların Dünya Ana Dili Günü münasibətilə tədbir keçirmələrinə maneələr törədir.

Son vaxtlar İran Azərbaycanı və Tehranda türk fəallara qarşı məhkəmə basqılarının sistemli şəkildə artdığı müşahidə edilir.