Əlirza Quluncu

İran Azərbaycanından olan millət vəkilləri Azərbaycan Respublikası ilə bağlı fikir bildirməkdə çətinlik çəkirlər. Təhlükəsizlik Nazirliyi (Ettelaat) isə onlardan istəyir ki, Azərbaycana qarşı mövqe bildirsinlər.

Bunları Biləsuvar və Parsabad şəhərlərinin millət vəkili Şəkur Purhüseyn yerli jurnalistlərlə səmimi bir söhbət əsansında dilə gətirib.

“Bu yaxınlarda Ettelaat Nazirliyi bizə irad tutdu. Dedilər siz niyə Azərbaycan məsələləri ilə bağlı mövqe bildirmirsiniz,” millət vəkilinin öz Telegram kanalında paylaşdığı audioda eşidilir.

Millət vəkili bu sözləri bölgə əhalisinə Azərbaycanla müştərək sərhəddən yararlanma imkanı verilmədiyini önə çəkən yerli jurnalist Əlirza Ərjənginin sualına cavab olaraq ifadə edib.

Purhüseyn sözlərində İslam Respublikasının sərhədləri fürsət deyil, təhdid olaraq gördüyünü tənqid edir.

Onun sözlərinə əsasən, millət vəkilləri İslam Respublikasının Azərbaycanla bağlı siyasətini yaxşı bilmədikləri üçün fikir bildirməkdə tərəddüd edirlər.

“Cənab Bədri dedi, son vaxtlar Cənab Dr. Pezeşkiyanla (Təbriz millət vəkili və İran Parlamenti sədrinin birinci müavini) Azərbaycan Respublikasına getmişdik. Türkiyə Parlamentinin sədri də gəlmişdi. O, nitq söylədi və hamı bəh-bəh deyərək alqışladı. Biz cənab Pezeşkiyana dedik, dur sən də söhbət et. Cənab Pezeşkiyan dedi, mən burada bir söz deyə bilmərəm. Mən bilmirəm ki, İranın Azərbaycanla bağlı siyasəti nədir.”

Parsabad millət vəkili Azərbaycan Respublikası ilə bağlı fikir bildirməyin çətin bir mövzu olduğunu təsdiq edir. Lakin Təbrizin sabiq millət vəkili və İranın hazırkı Sənaye, Mədən və Ticarət Naziri Rza Rəhmani deyib ki, Məsud Pezeşkiyan da nitq söyləməli idi.

“Dr. Rza Rəhmani dedi ki, Pezeşkiyan gərək danışaydı və türkcə danışmalıydı ki, onu da alqış edəydilər. Biz də dedik ki, qardaş biz bilmirik ki, [İranın Azərbaycana dair] siyasəti nədir... İndi deyirlər ki, Azərbaycan gedib İsrail və Amerikaya tərəf. Biz itirmişik. Ermənistanda bir hökümət iş üstünə gəlib ki, Amerika ilə əlaqələri yaxşıdır. Biz biraz məngənədə qalmışıq,” Şəkur Purhüseyn iki digər siyasətçi ilə etdiyi söhbəti anladır.

İslam Respublikasının müştərək sərhədlərə baxışını tənqid edən Purhüseyn əlavə edir, “mən inanıram ki, biz sərhədlərə fürsət kimi baxa bildiyimiz zaman ondan yararlana bilərik. Hələlik İranda sərhədə təhdid gözü ilə baxılır.”

Biləsuvar və Parsabad şərhərlərinin (Muğan) millət vəkili Şəkur Purhüseyn siyasətə daxil olmadan əvvəl 15 il İran məhkəmələrində hakimlik vəzifəsində çalışıb.

2016-cı ildə İran Azərbaycanı və ölkənin digər bölgələrindən olan 100-ə yaxın türk vəkil İran Parlamentində "Türk Bölgələri Fraksiyası" təşkil etdilər. Lakin təşkil edildikdən bəri heç bir fəaliyyəti olmayan fraksiyanın hazırda mövcud olub-olmadığına dair məlumat yoxdur.