Qaradağda kəsilən ağaclar İranın şimal bölgələrinə aparılır

İran Azərbaycanında çox sayda yük maşını ilə daşınan kəsilmiş ağacların görüntürlərinin sosial mediada paylaşılması ardından “Qaradağ meşələrinin qətliamına” etiraz səsləri yüksəlib.

Sosial media istifadəçiləri, həmçinin yerli siyasətçilər və ictimai fəalların etirazı Mehr və Tasnim kimi yarı-rəsmi xəbər agentliklərində də əks olunub.

Kəsilən ağacların İranın şimalında Gilan vilayətinə göndərildiyi bildirilir.

   Ətraf mühit müdafiəçiləri deyir, “Şimal meşələrinin tənəffüsü üçün Qaradağ meşələrinin nəfəsini kəsirlər.”

“Şimal meşələrinin tənəffüsünün qiymətini Qaradağ ödəyir” başlıqlı bir reportajında Mehr xəbər agentliyi yoxsul Qaradağ bölgəsində, artıq meşələrin də yox olma təhlükəsi ilə qarşı-qarşıya olduğu qeyd edilib.

Agentliyə danışan Kəleybər və Xudafərin millət vəkili Qulu-üllah Quluzadə deyib ki, belə getsə Kəleybər bölgəsində çölləşmə təhlükəsi qaçılmaz olacaq.

Quluzadənin söylədiklərinə görə, “bir ildən artıqdır ki, Şimalın (Gilan) zavodları Qaradağın ağaclarına dadanıblar.”

Amerikanın Səsinə danışan bir yerli jurnalistin dediklərinə görə “Qaradağın meşələri və bağlarını qorxunc şəkildə çılpaqlaşdıran zavodlar, bunu həm qanunlardakı boşluqlardan istifadə edərək, həm də qeyri-qanuni yollardan edirlər.”

İran mediasına istinadən, dövlət təqribən bir ildir ölkənin şimalında “meşələrin tənəffüsü” adlı bir layihəni həyata keçirərək ağacların kəsilməsinə qadağa qoyub.

İran Azərbaycanında fəaliyyət göstərən ətraf mühit müdafiəçiləri və türk fəallar isə deyirlər, “Şimal meşələrinin tənəffüsü üçün Qaradağ meşələrinin nəfəsini kəsirlər.”