Güney Azərbaycanda hazırda Təbrizin mərkəzi zindanında aclıq aksiyası keçirən azərbaycanlı milli-mədəni fəalın azadlığı tələb olunur.

Son məlumata görə, Xoy şəhərinin küçələrində Rəsul Rəzəvinin azadlığı tələbi ilə divarlar üzərinə şüarlar yazılıb. Şüarlara şəhərin mərkəzi küçələri də daxil olmaqla bir çox məhəllələrdə rast gəlinir.

GAMAC saytının yaydığı məlumata görə, gənc fəallar divarlar üzərinə “Rəsul Rəzəvi azad olunsun”, “Siyasi məhbuslara azadlıq” və s. kimi şüarlar yazmaqla azərbaycanlı fəalların azadlığını tələb ediblər.

Rəsul Rəzəvi oktyabrın 4-dən Təbriz zindanında aclıq aksiyasına başlayıb. ETTELAAT (İran Kəşfiyyat Nazirliyi) İdarəsinin onunla bağlı dosye təşkil etməsi və zindanda qeyri-insani davranışlar və işgəncələrə məruz qaldığına etiraz olaraq aclığa başlayan fəal, azadlığa buraxılanadək aksiyanı davam etdirəcəyini bildirib.

Bundan öncə R.Rəzəvi müxtəlif zindanlarda saxlanılan bir neçə digər məhbusla birlikdə tanınmış fəal Abbas Lisaniyə dəstək məqsədilə ötən may ayının 19-da aclıq aksiyasına başlamışdı. Lakin, o, Lisaninin sərbəst buraxılması ilə aclığa son qoymadı və başlatdığı aksiyanı davam etdirdi. O daha əvvəl şərti azadlıq qanununa şamil olan 6 ay həbs müddətinin təkrar icraya qoyulması və haqqında başladılmış əlavə bir məhkəmə prosesinin gedişatına etiraz bildirmək üçün aclıq aksiyasına başlamışdır. Fəal 28 gün aclıqdan sonra Azərbaycan Milli Hərəkatı ağsaqqlarının müraciətindən sonra aksiyanı dayandırmışdır.

Təbrizli fəal müxtəlif tədbirlər, o cümlədən, Uyğur türklərinə dəstək mitinqləri və “anti-irqçilik” nümayişlərinə qatıldığı zaman nəzarət altına alınıb və məhkəmədə həbs hökmü ilə qarşılaşıb.

 1358456462 vayfdyvlafed