Təbrizdə bu şəhərin mərkəzi zindanında məhbus həyatı yaşayan azərbaycanlı milli-mədəni fəal Rəsul Rəzəviyə dəstək vermək məqsədi ilə ehsan verilib.

Rəsul Rəzəvi oktyabrın 3-də Təbriz zindanında aclıq aksiyasına başladığını elan edib.

Məlumata görə, bir qrup azərbaycanlı fəal, R.Rəzəvinin aclıq aksiyası xəbərini yaymaq məqsədi ilə Tasua və Aşura günlərində əhali arasında 4 min ehsan yeməyi paketi və Bildiri vərəqələri paylayıblar.

“Azərbaycanın milli kimliyi və Çində işgəncələr altında yaşayan müsəlmanları müdafiə etdiyinə görə İslam Cümhuriyyətinin zindanında həbsdə saxlanılan Azərbaycanın qeyrətli oğlu Rəsul Rəzəviyə, Azadlıq yolunun şəhidi Hüseyn xatirinə dua edək. O məhərrəm ayının əvvəlindən Kərbəla şəhidin xatirəsinə və hökumətin onun hüquqlarına qarşı laqeyd münasibətinə etiraz olaraq aclıq aksiyasına başlayıb”- deyə Bildiridə qeyd olunub.

ETTELAAT (İran Kəşfiyyat Nazirliyi) İdarəsinin onunla bağlı dosye təşkil etməsi və zindanda qeyri-insani davranışlar və işgəncələrə məruz qaldığına etiraz olaraq aclığa başlayan fəal, azadlığa buraxılanadək aksiyanı davam etdirəcəyini bildirib.

Budan öncə R.Rəzəvi müxtəlif zindanlarda saxlanılan bir neçə digər məhbusla birlikdə tanınmış fəal Abbas Lisaniyə dəstək məqsədilə ötən may ayının 19-da aclıq aksiyasına başlamışdı. Lakin, o, Lisaninin sərbəst buraxılması ilə aclığa son qoymadı və başlatdığı aksiyanı davam etdirdi. O daha əvvəl şərti azadlıq qanununa şamil olan 6 ay həbs müddətinin təkrar icraya qoyulması və haqqında başladılmış əlavə bir məhkəmə prosesinin gedişatına etiraz bildirmək üçün aclıq aksiyasına başlamışdır. Fəal 28 gün aclıqdan sonra Azərbaycan Milli Hərəkatı ağsaqqlarının müraciətindən sonra aksiyanı dayandırmışdır.

 rasoul razavi