Qərbi Azərbaycan Vilayətinin nümayəndəsi, Vilayətlər Ali Şurasının 32-ci Ümumi İclasında təmsil etdiyi vilayətin iqtisadi, ictimai və mədəni problemlərindən söz açıb.

Biz uzun illərdir vilayətimizin çətinlikləri barədə fürsət olduqca danışırıq, lakin bəziləri bu vəziyyətə sadəcə tamaşa edir və problemlərin aradan qaldırılması ilə bağlı heç bir tədbir alınmır. Qərbi Azərbaycan 3 ölkə ilə qonşu olduğu üçün mədəniyyət, ənənə, məzhəb və s. baxımdan olduqca həssas bir bölgədir. Bu vilayət həm də turizm sahəsində bir qütb kimi tanınır. Qərbi Azərbaycan zəngin yeraltı ehtiyatlarına malikdir və kənd təsərrüfatı sahəsində böyük imkanları var. Halbuki dövlətin səlahiyyətli orqanları bu günə kimi bölgəninin şəraitini düzgün dərk etməyib və onun inkişafı üçün lazımi büdcə də ayrılmır. Qərbi Azərbaycanda bir sıra layihələr, o cümlədə Marağa-Urmiyə dəmiryolu layihəsi artıq tamamlanmalıdır_deyə İrəc Süleymanzadə çıxışının bir hissəsində qeyd edib.

Qərbi Azərbaycan Vilayətinin nümayəndəsi təmsil etdiyi vilayətdə işsizlik məsələsinə xüsusi olaraq toxunub. “Ali təhsilli insanların işsizlik problemi artıq dözülməz həddə çatıb. Ona görə də, bir milyon qərbi azərbaycanlının işlə təmin edilməsi vacib məsələdir və bu barədə ciddi tədbirlər alınmalıdır”- deyə o vurğulayıb.

İ.Süleymanzadə əlavə edib ki, Qərbi Azərbaycanda əkinçilər şirkətlərə satdıqları məhsulun pulunu çətinliklə alırlar, bu, onların məişət və ümumi vəziyyətini çətinləşdirir. “Vilayətdə xərçəng xəstəliyi durmadan artır. Bu vəziyyət əhalini ciddi narahat edir və bunun səbəbləri dəqiq araşdırılmalıdır”- deyə Qərbi Azərbaycan nümayəndəsi əlavə edib.