ƏHMƏD URMUOĞLU  

Məmməd bəy Azadgərin"İmam zamanın məchul əsgərləri və Azərbaycan milli demokratik hərəkatı" yazısına cəvab (22-ci bölüm)

8-Həqiqi Milli qəhrəman və milli şəxsiyyətlərimizə təhqir kampaniyası Əcəba kimlər milli qəhrəman və milli şəxsiyyət sayılır!?

Burada vurğulanması gərəkən önəmli və vacib məsələlərdən biridə, fars şovinizminin çıxar və mənfətlərini dayima üstün tutub paniranizm mövqeyindən çıxış edən azərbaycanlı solçular, Məşrutiyyət dönəmindən etibarən bütün fars şovinistləri kimi yalnız İran adına və onun uğrunda mücadilə edib fədakarlıq göstərən, eləcə də milli şüurdan yoxsun olan Fars-İran meyilli azərbaycanlıları, milli şəxsiyyət və qəhrəman kimi tanıyıb və millətimizə tanıtdıramağa çalışmışlar.

Lakin bunların tam əksinə olaraq onlar, məhz Azərbaycan və Türk millətinin milli haqları uğrunda böyük fədakarlıqlar və inanılmaz qəhrəmanlıqlar göstərib gözlərini belə qırpmadan canlarını öz doğma vətənləri üçün fəda etməyə hazır olan gərçək qəhrəmanlarımızı və milli şəxsiyyətlərimizi yersiz ittihamlarla pantürkist damğası vuraraq satqın adlandırıb və utanmadan təhqir etməyə səy göstərmişlər.

Burada qeyd edilməsi vacib olan gərçək və önəmli məsələlərdən birdə, fars şovinizmi və bütün paniranistlər tərəfindən bir çox milli qəhrəman və tarixi-milli şəxsiyyətlərimizin tamamilə tariximizdən silinməsidir.

Tarix kitablarından adı silinmiş və millətimizin içində heç tanınmamış adsız-sansız qəhrəmanlarımızdan biridə bütöv Azərbaycan dövlətinin qrucusu olan görkəmli tarixi-milli şəxsiyyət, böyük hərbi və dövlət xadimi, həm də Urmu xanlığının başında olan Məmməd Qulu Xan Əfşare Urmu olmuşdur. Azərbaycan   tarixində olduqca böyük və önəmli bir yeri olan Məmməd Qulu Xan Əfşar ilk dəfə olaraq, 18-ci yüzilin sonlarında (1786-1798) "Azərbaycan Milli Federal Dövləti" adı altında dəmir qapı Dərbəndən tutmuş, Sinandejə qədər, Gürcüstandan tutmuş Qəzvinə qədər Azərbaycanın bütün xanlıqlarını birləşdirərək, Urmudan 12-13 il boyunca müstəqil və bütöv Azərbaycana hökmranlıq etmişdir.

Milli qəhrəman və milli şəxsiyyət qonusuna toxunduğumuzda, özəlliklə Xiyabani hərəkatı və onun öndəri olan və yüz ildən bəri İran adlanan ölkənin, eləcə də Azərbaycanın böyük qəhrəmanı və milli şəxsiyyəti kimi tanınan Şeyx Məhəmməd Xiyabaniyə də toxunmaq vacib sayılır.

Şeyx Məhəmməd Xiyabaninin öndərliyində başladılan Xiyabani hərəkatına Azərbaycan Demokrat partisi rəhbərlik etmiş və bu parti, İran Demokrat partisinin əyaləti komitəsi olmuşdur. Xiyabani eyni zamanda bu partinin və bu hərəkatın paniranizm düşüncəsini daşıyan qoluna öndərlik etmişdir. Bu hərəkatın Türklük əsasında olan Azərbaycançı qoluna böyük aydın, siyasətçi, ədib, jurnalist və Azərbaycan Demokrat partisinin orqanı olan Təcəddüd qəzetəsinin baş yazıçısı Mirzə Tağı Xan Rəfət və onun dərin milli şüura malik olan yaxın silahdaşları Mirzə Əbülfət Xan Ələvi və Mirzə Əli Heyət kimi dəyərli və görkəmli şəxsiyyətlər başçılıq etmişlər.

Gərçək budur ki, şeyx Məhəmməd Xiyabani İngiltərə dövlətinin müstəmləkəçi siyasətinə və onun ölkədəki hər cürə müdaxiləsinə qarşı, eyni zamanda tamamilə qatı bir Türk və Azərbaycan düşməni, eləcə də irqçı və ümumiyyətlə masonlardan ibarət və İngilislərin maşası olan mərkəzi hakimiyyətə qarşı qiyam bayrağı qaldırmışdır.

Lakin Xiyabaninin özünündə bir Türk düşməni olub və tamamilə farsçılığa vurğun və paniranist birisi olmasına rəğmən onunla birlikdə bu zaman çox sayda hərəkatın öndəri və iştirakçısının Müxbirülsəltənə və mərkəzi hakimiyyət tərəfindən qəddarcasına öldürülməsilə onun qurduğu Azadistan hökuməti yox edilmişdir.    

Qeyd etmək lazımdır ki, Şeyx Məhəmməd Xiyabani paniranist bir Türk düşməni olmaqla yanaşı, eyni zamanda Sovetlər Birliyinə səmpati göstərdiyindən dolayı və demokrasi uğrunda qaldırdığı qiyam üçün bütün paniranist solçular və bir çox fars şovinistləri tərəfindən Azərbaycan və İran adlanan ölkənin böyük bir qəhrəmanı və milli şəxsiyyəti kimi tanınmışdır.

Ancaq Xiyabaninin qətlindən iki gün sonra öldürülən və bu zaman onun ən yaxın silahdaşı olan Mirzə Tağı Xan Rəfət onun maarif və təbliğat naziri vəzifəsində, həm də Azərbaycan Demokrat partisinin orqanı olan Təcəddüd qəzetəsinin sorumlusu olaraq, öz Türk milli kimliyinə dayanıb və dərin milli şüuruna malik olduğu üçün, nəinki qəhrəman və milli bir şəxsiyyət tanınmır, bəlkə pantürkist ittihamıyla qarşı-qarşıya gələrək xayin adlandırılır.

Əlbəttə ki, Xiyabaninin sadəcə İran uğrunda və özəlliklədə farslar üçün demokrasi mücadiləsi verməsi və göstərdiyi böyük fədakarlıq və qəhrəmanlıqlar, həm də bu yolda canını fəda etməsindən dolayı farslar tərəfindən böyük adlar və ünvanlarla təltif edilməsi təbii sayıla bilər, lakin bu məsələ Azərbaycan və Türk milləti üçün əsla keçərili sayıla bilməz.

Öz ana dili olan Türk dilinə nifrət edib, şanlı tarixinə, milli varlığına yəni Türk olduğuna xor baxaraq onu yox etməyə çalışıb və öz millətini bizə tamamilə yabancı olan farslara yem edərək zorla onlara bağlayıb, onların içində əritmək istəyənlərə nəqədər qəhrəmanlıq edirlər etsinlər, milli şəxsiyyət və qəhrəman deyil, ancaq satqın deyilər və onlarda yalnız bu ada layiq ola bilərlər.

Sadəcə müstəmləkəçiliyə qarşı olub, içi boş bir demokrasi və qanun hökuməti uğrunda mübarizə aparıb, öz millətinin ilkin, təbii və milli haqlarının kobudcasına totaliter və irqçı bir rejim tərəfindən əzilməsinə, nəinki göz yumub onları belə görməməzlikdən gəlmək, bəlkə eyni bu rejim kimi öz gərçək kimliyinə qarşı olub onun yox edilməsinə çalışıb və yalnız belə bir hökumətə qarşı mücadilə etməklə qəhrəman və milli bir şəxsiyyət olmaq olmaz.

Bu məsələ ona bənzər ki, bu gün Güney Azərbaycanda hər hansı bir şəxs, yaxud hər hansı bir siyasi parti və qurum fars şovinizmi və paniranizm mövqeyindən çıxış edərək Türk düşməni olub və Azərbaycana heç bir haqq tanımadan və üstəlik onun bütün insani və milli haqlarına qarşı çıxaraq sadəcə qəddar və faşist islam rejiminə qarşı olub hakimiyyət uğrunda mücadilə aparsın.

Siyasi şərtlərin tamamilə fərqli olmasını və zamanıda nəzərə aldıqda, ancaq heç bir şərtlər altında və hər hansı bir çağ və dövürdən asılı olmayaraq zülm altında yaşayan əsir bir millətin dəyişilməz və əbəda vaz keçilməz bir çox insani və milli haqları vardır ki, heç bir zaman gündəmdən düşə bilməzlər.

Burada siyasi şüura malik olub və eyni zamanda vicdanlı və insaflı olan hər kəsdən soruşmaq lazımdır ki, əcəba necə olur ki, Xiyabani kimi paniranist və bir Türk düşməni belə böyük bir ada layiq olur, ancaq Cəmşid Xan Məcdülsəltənə, Kazım Xan Quşçu, Mirzə Tağı Xan Rəfət və başqaları Azərbaycana və öz Türk varlıqlarına bağlı olan və onların uğrunda böyük qəhrəmanlıqlar göstərən belə dəyərli və qəhrəman və böyük şəxsiyyətlərimiz haqsız ittihamlara məruz qalaraq xayin sayılırlar!!??

Xiyabani haqqında bu deyilənlər, onu ağır ittihamlar qarşısında qoymaq yox, nə yazıq ki, onunla bağlı bəlgələrə dayanan gərçəklərdirlər.

Şeyx Məhəmməd Xiyabani milli şüurdan tamamilə yoxsun olaraq başçılıq etdiyi mərkəzi hakimiyyətə qarşı qiyamı, Azərbaycana heç bir haqq istəmədən onun əsas amacı sadəcə sözdə demokrasi və qanun hökumətinin yaradılması olmuşdur. Lakin gərçək budur ki, İran kimi çox millətli bir ölkədə demokrasi yalnız milli məsələnin həlli və bütün millətlərin onun kiçik və böyüklüyündən asılı olmayaraq bərabər haqq və hüquqlara malik olmasından və öz gələcəklərini özləri təyin etmə haqqının tanımasından keçir.

Azərbaycan Demokrat partisinin öndərlərindən və Xiyabaninin yaxın silahdaşlarından olub, eyni zamanda Azadistan hökuməti dövründə   (24 iyun 1920-11 sentyabr 1920) nəzmiyyə rəisi olan Abdullah Bəhrami, Şeyx Məhəmməd Xiyabani haqqında öz görüşlərini belə yazır; "Rəhmətli Xiyabani gərçəkdən Türklər və Türk dillilərlə düşmənçiliyi olub və bu ünvanları iranlılar üçün ar və utanc verici olduğunu bilirdi. Öz yoldaşlarına dəfələrcə tövsiyə edirdi ki, fars dilinin gəlişməsi və yayılması üçün çalışıb və elə bir şərayit yaratsınlar ki, məktəblərdə uşaqlar farsca danışıb və Türk dilini tamamilə unutsunlar. O rəhmətli neçə dəfə mənə söyləmişdi ki, nə yaxşı olardı Tehranda uzaq görən bir hökumət iş başında olaydı və öz şum və fasid məmurları, yaxud dərbarın qulluqçuları yerinə, bu əyalətə yüz nəfər fars dili öyrətməni göndərərdi ki, vilayətlərdə ibtidayi məktəbləri açıb və uşaqlarımızı öz milli tarixilə tanış edib və bununlada bizimlə dildaş olan osmanlıların əlindən həmişəlik bu bəhanəni onlardan alardı ki, bizim üçün bu qədər ürək yandırmasınlar. Bu zamanda yayınlanan bildirilərin və basılan qəzetələrin hamısı fars dilində olmuşdur. Rəhmətli Şeyxin muxaliflərinin qiyam adlandırdığı hərəkətin muxtariyyət və bölücülüklə əbəda heç bir ilgisi olmamışdır. O rəhmətlinin mərkəzə göndərdiyi teleqramlar və məktularında bu məsələri əks etdirən bircə söz görünməmişdir......Osmanlı qoşunları Azərbaycanı boşaltdıqdan sonra Osmanlı hakimiyyətinin dönəmində burada iş başında olan bir çox muxaliflər, Azərbaycan demokratlarının intiqamından dolayı qaçaraq Tehrana sığınmışlar."(bax. Abdullah Bəhrami, Xatirəri-farsca s.635-636)

Bu məsələnidə qeyd etməliyik ki, Şeyx Məhəmməd Xiyabaninin başçılığında olan Azərbaycan Demokrat Partisi, bir sıra məsələlərlə bağlı örnəyin bu partinin bütün hovzələrində danışıqlar mütləq fars dilində olacağına və milli dilin rəvacı nəzərə alınaraq təqib olunacağına qərar vermişdir.

Azadistan dönəmində maarif rəisi olub, eləcə də Azərbaycan Demokrat partisini orqanı olan Təcəddüd qəzetəsinin yönəldənlərindən biri olan Əbulqasim Fiyuzat Təbrizi, Türk dilinin kökündən yox edilməsilə bağlı öz tərh və planını bütün təfərrüatilə bağlı hazırlayıb dövlətə vetmişdir.

Burada vurğulanması gərəkən bir məsələdə Xiyabaninin Azərbaycanın müqəddəs tarixi adını dəyişib, Azadistan adlandırması təkcə böyük bir tarixi səhv yox, eləcə də böyük bir tarixi xəyanət sayılır. Azərbaycan adının dəyişdirilməsilə bağlı onun azadlıq yolunda apardığı mücadilə ünvan olsada, əslində Rusiya işğalından qurtulmuş və öz istiqlaliyyətini əldə edərək Azərbaycan xalq cümhuriyyətinin yaradılmasıyla bağlı olmuşdur.

Buda Xiyabaninin Azərbaycan cümhuriyyətinə qarşı olduğunu göstərdiyi halda, həm də onun qurduğu hökumətlə eyni adı daşıdığına qarşı olmasından irəli gəlmişdir.

Burada Məmməd bəy və bütün solçu azərbaycanlılardan soruşmaq lazımdır ki, əcəba nədən arxasını Amerika və Qərb dövlətlərinə dayıyaraq CİA,nın qarşısına ağ kağız qoyan Öcalanlar, minlər və onminlərlə Azərbaycan Türkünü qətliam edən, həm də birbaşa İngilisin maşaları və nökərləri olan Şeyx Ubeydullahlar, İsmayıl Ağa Simitqolar, Şeyx Səyidlər və Seyid Rzalar, sol qüvvələrdə daxil olmaqla bütün kürdlər tərəfindən milli qəhrəman və böyük şəxsiyyətlər kimi tanınırlar. Eləcə də Azərbaycanın bütün sağçı və solçu paniranist qüvvələri tərəfindən Abdullah Öcalan kimi birisi böyük inqilabçı və kürd millətinin öndəri kimi tanınır.

Eyni halda saysız-hesabsız Türkün qatili olan və qətiam fərmanını verən Stepan Şaomiyanlar, qulağı kəsik Andraniklər, Lalayanlar və Zori Balayanlar da yenə öz millətləri tərəfindən böyük milli qəhrəman olaraq tanınsada, nədən bizim şərəfli və vicdanlı və bütün insani və əxlaqi dəyərlərə malik olan, həm də öz vətəni və millətini sevən böyük qəhrəmanlarımız və milli şəxsiyyətlərimiz təhqir edilərək bir çox ittihamlarla qarşı-qarşıya gəlirlər.

Burada aydıncasına görünür ki, Məmməd bəy və onun kimi solçu azərbaycanlıların vətən deyə, millət deyə bir dədləri yoxdur və onların dərdi sadəcə ideoloji və İran olmuşdur və necə ki görürük bir-birlərindən heç bir fərqi olmayan paniranist solçu parti və qurumlarda fəaliyyət göstərən solçu azərbaycanlıların böyük bir bölümü öz millətləri və vətənləri olan Azərbaycanın yolunda bircə addım belə olsun atmamışlar. Əgər olsaydı öz millətinin və vətəninin qayğısını çəkib və onların uğrunda böyük fədakarlıqlar göstərən dəyərli qəhrəmanlarımıza və milli şəxsiyyətlərimizə sahib çıxıb və onları belə təhqir etməzdilər.

Bunlar açıqcasına göstərir ki, istiqlalı olmayan və işğal altında müstəmləkə həyatı yaşayan əsir və kölə bir millətin tarixi saxtalaşdırdığı kimi onun mədəniyyəti və bütün milli varlığıda yox edilməyə məkumdur.

Bütün bunları nəzərə alaraq bu gün Azərbaycanın özəlliklədə gənc araşdırmaçıları və tarixçilərinin üzərinə böyük bir tarixi vəzifə düşməkdədir və bu gün biz gec olsada öz gərçək tariximizlə üzləşməşib və onunla hesablaşmanı bacarmalıyıq. Buda Güney Azərbaycanın bütün tarixçilərindən və özəlliklədə gənc araşdırmaçılarından son 100 ildə baş verən bütün inqilabi hərəkətlər və tarixi olaylarıyla bağlı məsuliyyət hissilə araşdırılmasını və tariximizin yenidən öyrənilərək düzgün yazmasını tələb edir.

07.03.2019

Ardı var