چاپ

 

Aylardır Təbriz zindanında saxlanılan azərbaycanlı milli-mədəni fəal və şair Həbib Sasaniyanın qeyri-müəyyən hüquqi vəziyyəti davam edir.

Müxtəlif xəstəliklərdən əziyyət çəkdiyi bildirilən fəal 2016-cı il mayın 15-də Yunis Rəhimi, İsmail Əfxəmi, Babək Avənd, Həmid Səqəfi və Cavadzadə ilə birlikdə Ərdəbildə saxlanılıb.

H.Sasaniyana yaxın şəxslərdən biri onun hazırda qan təzyiqi və şəkər xəstəliklərindən əziyyət çəkdiyini bildirib.

Azərbaycanlı fəal bu günə qədər dəfələrlə zindan məsullarına müraciət edərək ciddi müalicəyə ehtiyacı olduğunu bildirib, lakin o hər dəfə xüsusi bölümə köçürülməklə təhdid edilib.

Azərbaycanlı fəalın nədə ittiham olduğu dəqiq olaraq məlum olmasa da, onun Azərbaycan-Ermənistan münaqişəsi və onunla bağlı maarifləndirmə işləri ilə məşğul olduğuna görə tutulduğu deyilir.

43 yaşlı fəal bundan öncə də Azərbaycan türk millətinin milli və demokratik hüquqları uğrunda apardığı dinc mübarizəyə görə dəfələrlə təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb və müxtəlif təzyiqlərə məruz qalıb.