İranda Azərbaycan türklərinin milli-mədəni hüquqları uğrunda apardığı dinc fəaliyyətinə görə 7 aya yaxındır Təbrizin mərkəzi zindanında saxlanılan şair Həbib Sasaniyanın səhhətinin yenidən pisləşməsi barədə məlumat yayılıb.

Güney Azərbaycan mənbələrinin yaydığı məlumata əsasən, ardıcıl qan təzyiqinin qalxmasından və göz ağrısından əziyət çəkn ərdəbilli fəal Həbib Sasaniyan bir neçə dəfə huşunu itirsə də, onunla eyni kamerada saxlanılan digər məhbuslar onun yardımına gələrək fəalın həyatını qurtarıblar. Bildirilir ki, azərbaycanlı fəalın təcili müalicə almasına və həkim nəzarətində saxlanılmasına ehtiyacı olsa da, həbsxana rəsmiləri buna imkan yaratmır, onu daha ağır şəraiti olan özəl korpusa köçürücəkləri ilə təhdid edirlər.

ETTELAAT-ın Ərdəbil bölməsinin əməkdaşları mayın 15-i sübh saatlarında Həbib Sasaniyanı digər fəallar Həmid Siqqəti, Babək Avənd, İsmayıl Əfxəmi, Yunis Rəhimi və Mehdi Cavadzadə ilə birlikdə tutub aparmışdılar. Fəallar bir neçə gün yerli ETTELAAT idarəsində saxlanıldıqdan sonra Təbrizin mərkəzi zindanına köçürülmüşdü. Həbs edilən fəallardan 5-i tədriclə mülki vəsiqə qarşılığında müvəqqəti olaraq azadlığa buraxılsalar da, Həbib Sasaniyan naməlum səbəblər üzündən hələ də həbsdə saxlanılır. Fəalın isə qeyri-müəyyən vəziyyətdə saxlanılması, onun ailəsini ciddi narahat edir.

Tutulmazdan əvvəl Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasətini və Qarabağ probleminin mahiyyətini əhaliyə izah edən və onlar arasında maarifləndirmə işləri aparan fəallar, casusluqda və ölkə sirlərini əcnəbilərə ötürməkdə günahlandırır.