Kərəcin Rəcayişəhr həbsxanasında aclıq aksiyası 42-ci günə daxil olan azərbaycanlı milli-mədəni fəal Murtaza Muradpurun dosyesi dekabrın 4-də Apelyasiya Məhkəməsinə göndərilib.

Məlumata görə, Apelyasiya Məhkəməsinin 4-cü Şöbəsi verilən həbs cəzalarının cəmləşdirilməsi ilə bağlı ölkə Konstitusiyasının 134-cü maddəsinin icrası məsələsini yenidən gözdən keçirəcək. Həmin Şöbə bundan öncə məhbusun qanuni tələbini təmin etməyib.

Bu barədə məlumat verən siyasi məhbusun vəkili Konstitusiyanın 134-cü maddəsinin icrasını təmami ilə qanunauyğun olduğunu bildirib.

“Bundan öncə Apelyasiya Məhkəməsinin 4-cü Şöbəsi, 134-cü maddənin icrası ilə bağlı tələbi naməlum səbəbdən təmin etməyib. Halbuki, bu maddənin icra olunmamasına heç bir qanuni səbəb yoxdur. Tələbimiz təmin olunarsa, Murtaza dərhal azadlığa buraxılmalıdır”- deyə vəkil Cəfər Əfşarniya bildirib.

Məhbusun vəkili əlavə edib ki, “Murtaza sistemin əleyhinə təbliğ ittihamı ilə 1 il və təhlükəsizliyə qarşı cəhd göstərmək ittihamı ilə 2 il azadlıqdan məhrum edilib. Əgər 134-cü maddəyə əməl olunsa, məhbusun sadəcə 2 il həbs cəzası icra edilməlidir, bu müddət isə keçib və məhbus artıq azadlığa buraxılmalıdır.”

M.Muradpur cəzasının yüngülləşdirilməsi ilə bağlı islam cəza qanununun 134-cü maddəsinin icra edilməməsi və azadlığa buraxılmamasına etiraz olaraq oktyabrın 25-də aclıq aksiyasına başladığını elan edib. O, noyabrın 4-də azərbaycanlı fəal Rəsul Rəzəvi ilə birlikdə Təbrizin mərkəzi zindanından Kərəcin Rəcayişəhr həbsxanasına sürgün edildikdən sonra yeni həbsxanada aclıq aksiyasını davam etdirib.

Amnesty International son vaxtlar İranın müxtəlif zindanlarında aclıq aksiyası keçirən 8 məhbus, o cümlədən türk fəallar Rəsul Rəzəvi və Murtaza Muradpur haqqında bəyanat yayaraq onların dərhal sərbəst buraxılmasını tələb edib.

Beynəlxalq insan haqları qurumu fəalları vicdan məhbusu adlandırmış, onların sadəcə insani haqlarından istifadə etdikləri üçün həbs edildiyini bildirmişdir.

Murtaza Muradpurun ailəsi ilə bərabər türk fəallar və hüquq müdafiəçiləri də onun sağlıq durumunun ciddi risk altında olduğunu önə çəkərək, narahatlıqlarını ifadə edirlər.

 1358456462 vayfdyvlafed