Novruz Bayramı ərəfəsində nəşr edilmiş “Türkcə Təqvim” ilə əlaqədar olaraq Tehranda nəzarət altına alınan Behnam Nurməhəmmədi, Yasin Ərfəi və Mehdi Qəməri zəmanət qarşılığında müvəqqəti olaraq sərbəst buraxılıblar.

Hüquq müdafiəçilərinin yayımladığı məlumata görə, 50 milyon tümən dəyərində mülki zəmanət qarşılığında sərbəst buraxılan türk fəallara qarşı “ictimai rəydə təşviş yaratmaq” ittihamı ilə məhkəmə işi açılıb.

1397-ci hicri ilinin türkcə təqvimi ilə əlaqədar birinci həbs mart ayının 14-də baş verib. İranın təhlükəsizlik qüvvələri Behnam Nurməhəmmədini martın 14-də Tehranda işlətdiyi mətbəədə nəzarət altına almışdılar.

Təhlükəsizlik qurumu bir müddət sonra mövzu ilə bağlı milli fəallar Yasin Ərfəi və Mehdi Qəmərini də saxlayıb.

Həbs müddətində həbsxana məsulları fəalların ailələrinə onların “rejimə qarşı təbliğat” və “milli təhlükəsizliyə qarşı fəaliyyət” aparmaq ittihamı ilə tutulduqlarını bildirmişdilər. Amma daha sonra hər üç fəala “ictimai rəydə təşviş yaratmaq” ittihamı ilə məhkəmə işi açıldığı bildirilib.

Behnam Nurməhəmmədi, Yasin Ərfəi və Mehdi Qəməri 3 ilə 4 həftə Tehranın Evin həbsxanasında Ettelaata məxsus bölmədə sorğu-sual ediliblər.

İran Azərbaycanı və Tehrandakı mədəni fəallar hər il Novruz Bayramı ərəfəsində türkcə təqvimlər nəşr edirlər. Əhali tərəfindən böyük rəğbətlə qarşılanan bu təqvimlərdə Azərbaycan tarixi və türk mədəniyyətini əks etdirən şəkillər və önəmli tarixi məlumatlar yer alır.