Keçən aylarda İranda iqtisadi vəziyyət və qadın hüquqları ilə bağlı baş qaldıran etirazlar ilə əlaqədar Təbriz məhkəməsi səkkiz vətəndaşa həbs hökmü çıxarıb.

Həbsə məhkum olanlar arasında bir qadının “küçədə baş örtüyünü çıxarıb ictimaiyyətə hicabsız görünmək” ittihamı ilə qarşılaşdığı bildirilir.

İranda insan haqları pozuntularına dair məlumat yayımlayan HRA agentliyi bu haqda məlumat verib.

   Həbsə məhkum olunanlar arasında bir qadın “küçədə baş örtüyünü çıxarıb ictimaiyyətə hicabsız görünmək” ittihamı ilə qarşılaşıb.

Bu məlumata əsasən, Təbriz Cəza Məhkəməsinin 103-cü şöbəsi Əli Kamrani, Mehdi Haqpərəst, Əmir Dehqan, Röya Səğiri, Rəhim Tatarpur, Kamil Səviti və Məhəmməd Şitabifərdi “qanunsuz mitinqə qatılaraq ictimai qaydanı pozmaq”da günahlandıraraq, hər birini bir il şərti həbsə məhkum edib.

Təbriz İnqilab Məhkəməsinin ikinci şöbəsi isə, Röya Səğiri və Nəriman Vəliduxtu “rejimə qarşı təbliğat aparmaq” və “dini rəhbəri aşağılmaq” ittihamları ilə mühakimə etdikdən sonra onlara 23 ay qəti həbs cəzası verib.

Əli Kamrani və Məhəmməd Şitabifərd həmin ittihamlar üzündən 3 ay qəti həbsə məhkum olunublar.

Röya Səğiri həmçinin “küçədə baş örtüyünü çıxarıb ictimaiyyətə hicabsız görünmək” ittihamı ilə də mühakimə olunub.

Məhkəmə bir neçə digər vətəndaş haqqında bəraət hökmü çıxarıb.

Keçən dekabr ayının son günləri və yanvarın ilk həftələrində Təbriz şəhərində nümayiş keçirmək istiqamətində fəaliyyət göstərən 90 vətəndaşın nəzarət altına alındığı haqda məlumat yayımlanmışdı.