Şərqi Azərbaycan vilayətinin apellyasiya məhkəməsi Əhər Məhkəməsinin daha əvvəl türk fəallar İbrahim Nuri və Əkbər Cahangiriyə qarşı çıxardığı həbs qərarını qüvvədə saxlayıb.

Bu hökmlə Nuri və Cahangirinin müvafiq olaraq altı və dörd aylıq həbs hökmləri təsdiq edilmişdir.

İran Azərbaycanına dair xəbər yayan internet portallarına istinadən, bu fəallar siyasi məhbuslarla bağlı kampaniya təşkil etmək və Uyğur türklərinə dəstək mitinqlərinə qatıldıqları üçün həbs cəzası alıblar.

    İbrahim Nuri və Əkbər Cahangiri “İslam nizamına qarşı və nizama müxalif qüvvələrin xeyrinə təbliğat aparmaq” ittihamı ilə günahlandırılıblar.

Bölgədə fəaliyyət göstərən hüquq müdafiəçilərinin Amerikanın Səsinə göndərdiyi məhkəmə sənədinin surətində yazılanlara görə, İbrahim Nuri və Əkbər Cahangiri məhkəmədə “İslam nizamına qarşı və nizama müxalif qüvvələrin xeyrinə təbliğat aparmaq” ittihamı ilə günahlandırılıblar.

Şərqi Azərbaycan vilayəti apellyasiya məhkəməsinin qərarını 26-cı şöbənin sədri hakim Mikayıl Xubyarpur imzalayıb.

Hər iki fəal göstərdikləri fəaliyyətlər və iştirak etdikləri bəzi tədbirlər ilə bağlı fərqli ittihamlarla digər məhkəmələrdə də mühakimə olunublar.