İranda yaşanan son kütləvi etirazlar zamanı Qərbi Azərbaycan vilayətinin Xoy şəhərində həbs edilən yazar Şəhriyar Gələvani və tanınmış xəttat Abbas Köçərinin müvəqqəti azadlığa buraxıldıqları bildirilir.

HRA agentliyi və İran Azərbaycanına dair məlumat yazan internet portallarına istinadən, hər iki məhbus 500 milyon tümən məbləğində (təqribən 150 min dollar) mülki zəmanət qarşılığında sərbəst buraxılıblar.

Keçən bir neçə gün ərzində Xoy şəhərində həmçinin “islahatçı” fəal Məcid Məhəmmədi və universitet tələbəsi Məhəmməd Abazəri mülki zəmanətlə azad olunublar.

Həmin etirazlarla bağlı nəzarət altına alınmış Arif və Atif Sultanəlizadənin taleyi ilə bağlı məlumat yoxdur.

Rəsmilərin mətbuata verdiyi məlumata görə, əhalisinin əksəriyyətinin türk olduğu Urmiyə, Ərdəbil, Zəncan, Xoy, Əbhər, Xürrəmdərə, Marağa, Qəzvin, Takistan və Həmədan kimi şəhərlərdə kütləvi nümayişlərlə əlaqədar onlarla vətəndaş nəzarət altına alınıb. Qeyri-rəsmi mənbələrdə isə Təbrizdə etirazlara mane olmaq məqsədi ilə 90 vətəndaşın tutulduğu bildirildi.