Tanınmış türk fəallar Abbas Lisani və Siyamək Mirzayinin şikayətlərinə baxan Ərdəbil və Tehran vilayətlərinin apellyasiya məhkəmələri yeni hökmlər çıxarıb.

Bu haqda HRA agentliyi və İran Azərbaycanına dair xəbər yayan internet portalları tərəfindən məlumat yayılıb.

Tehran apellyasiya məhkəməsi ilkin məhkəmənin Siyamək Mirzayi haqqında çıxardığı 10 il həbs və iki il sürgün hökmünü dəyişdirərək, onu 3 il həbs və Cənubi Xorasanın Təbəs şəhərində bir il sürgündə yaşamaq cəzasına məhkum edib.

Ərdəbil apellayasiya məhkəməsi isə ilkin məhkəmənin hökmünü ləğv edərək tanınmış fəal Abbas Lisaninin bəraətinə hökm verib. Meşkin İnqilab Məhkəməsi separatçılıq və pan-türkizm ideyaları istiqamətində fəaliyyət etdiyini irəli sürərək Lisanini “rejimə qarşı təbliğat” aparmaqda günahlandırmışdı.

Siyamək Mirzayi bir neçə ay öncə “apellyasiya məhkəməsinin müxtəlif bəhanələr ilə təxirə salındığını” bildirmiş və bu duruma etiraz olaraq iyunun 17-də aclıq aksiyası başlatmışdı.

Məhkəmə məsulları onun tələblərini yerinə yetirəcəklərinə dair söz verdikdən sonra Mirzayi təqribən üç həftə davam etdirdiyi aclıq aksiyasına son qoymuşdu.