Azərbaycanlı milli-mədəni fəal Murtaza Muradpur Təbrizdə təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb.

Fəal martın 5-i yerli vaxtla saat 14 radələrində Təbrizin Abrəsan məntəqəsində bir avtobusda yaxalanıb. 4 İslam İnqilabı Keşikçilər Korpusu (Sepah) üzvü tərəfindən tutulan fəalın nədə ittiham olunduğu məlum olmasa da, onun həbs cəzasının qalan hissəsi ilə əlaqədar saxlandığı ehtimal edilir.

Fəal 2009-cu il mayın 22-də Təbrizin Elgölü parkında ana dildə təhsil və milli zəmində şüarlar səsləndirdiyinə görə qardaşı Fərdin və daha bir neçə fəalla birlikdə yaxalanıb 6 ay saxlandıqdan sonra mülki vəsiqə qarşılığında müvəqqəti sərbəst buraxılıb. O sonralar Təbriz İnqilab Məhkəməsində ölkə təhlükəsizliyini pozmağa cəhd göstərmək və sistemin əleyhinə təbliğ etmək ittihamı ilə 3 il həbs cəzasına məhkum edilib.

M.Muradpur 2015-ci il mayın 18-də öz iş yerində təhlükəsizlik qüvvələri tərəfindən yaxalanaraq Təbrizin mərkəzi zindanına aparılıb. Fəal 2016-cı il oktyabrın 25-də islam cəza qanununun 134-cü maddəsinin məhkəmə tərəfindən icra edilməməsi və bu barədə tələbinə baxılmamasına etiraz olaraq Şərqi Azərbaycan Ədliyyə Şöbəsinin rəisinə məktub ünvanlayaraq aclıq aksiyasına başladığını elan edib. O nəhayət 2016-cı il dekabrın 28-də 65 gün aclıqdan sonra anasının müraciətini və zindan şurasının tələbinin təmini ilə bağlı verdiyi vədi nəzərə alaraq aksiyanı dayandırıb. Fəal aclığa son qoyduqdan bir gün sonra sərbəst buraxılıb, o səhhətində yaranan problemlərə görə dərhal xəstəxanaya yerləşdirilmişdir.

Azərbaycanlı fəalın təhlükəsizlik qüvvələri tərəfindən tutulmasının həmin dosye ilə bağlı olduğu ehtimal edilir, bu isə məhkəmə məsullarının çıxardıqları qərara əməl etmədiklərinə dəlalət edir.

Qeyd edək ki, islam cəza qanununun 134-cü maddəsinə əsasən bir neçə həbs qərarı ilə üzləşən məhkum onların toplamı deyil, lakin ən ağır cəzanı çəkməlidir. Bu maddəni və həbs cəzasının üçdə ikisindən çoxunu çəkdiyini nəzərə aldıqda M.Muradpur həbsxanadan azad edilməli idi, məhkəmə nəhayət 65 gün aclıq aksiyasından sonra onun tələbini təmin etdi. Əgər fəalın yaxalanması bu məsələ ilə bağlıdırsa, bu böyük qanunsuzluq olacaq.

 1358456462 vayfdyvlafed