Uzun müddətdir Təbrizin mərkəzi zindanında qeyri-müəyyən vəziyyətdə saxlanılan azərbaycanlı fəalın azadlığını tələb edənlərin sayı getdikcə artır.

Son məlumata görə, Ərdəbil küçələrini Həbib Sasaniyanın qanunsuz saxlanılmasına etiraz şüarları bürüyüb. Azərbaycan Milli Hərəkat fəalları tərəfindən divarlardan asılan posterlərin əksəriyyətinin üzərində “Həbib Sasaniyan azad edilsin” kimi şüarlar yazılıb.

Posterlərə şəhərin müxtəlif yerlərində rast gəlinir.

Ərdəbilli fəal Təbrizin mərkəzi zindanına 10-cu aydır qeyri-müəyyən vəziyyətdə saxlanılır, ETTELAAT (İran Kəşfiyyat Nazirliyi) İdarəsi hakimlərə təzyiq göstərərək  onun müvəqqəti azadlığa buraxılmasına imkan vermir.

Müxtəlif xəstəliklərdən əziyyət çəkdiyi bildirilən fəal 2016-cı il mayın 15-də Yunis Rəhimi, İsmail Əfxəmi, Babək Avənd, Həmid Səqəfi və Mehdi Cavadzadə ilə birlikdə Ərdəbildə saxlanılıb.

H.Sasaniyana yaxın şəxslərdən biri onun hazırda qan təzyiqi və şəkər xəstəliklərindən əziyyət çəkdiyini bildirib.

Azərbaycanlı fəal bu günə qədər dəfələrlə zindan məsullarına müraciət edərək ciddi müalicəyə ehtiyacı olduğunu bildirib, lakin o hər dəfə xüsusi bölümə köçürülməklə təhdid edilib.

Fəalın nədə ittiham olduğu dəqiq olaraq məlum olmasa da, onun Azərbaycan-Ermənistan münaqişəsi və onunla bağlı maarifləndirmə işləri ilə məşğul olduğuna görə tutulduğu deyilir.

43 yaşlı fəal bundan öncə də Azərbaycan türk millətinin milli və demokratik hüquqları uğrunda apardığı dinc mübarizəyə görə dəfələrlə təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb və müxtəlif təzyiqlərə məruz qalıb.